Bloq

Hamiləlik və qalxanvari vəz: nələri bilməli?

Müəllif: Dr. Samir Şükürov, həkim-endokrinoloq Tibbi yoxlama: Yenilənib:

Qalxanvari vəz hormonları təkcə hamilə qalmaq üçün deyil, sağlam hamiləliyin davamı və körpənin normal inkişafı üçün də vacibdir. Ona görə də tiroid müayinəsi hamiləliyin planlaşdırılmasından başlamalıdır.

Hamiləliyi planlaşdırarkən niyə TSH yoxlanılır?

Hamiləlik planlaşdırarkən təkcə ginekoloji müayinə kifayət deyil. Qalxanvari vəzin bütün növ funksiya pozğunluqları hamilə qalmağa mane ola bilər, müalicə olunmayan hormon pozğunluqları isə həm qadınlarda, həm də kişilərdə sonsuzluğa səbəb ola bilər.

Ona görə də hamilə qalmazdan əvvəl endokrinoloq müayinəsindən keçmək və ilk növbədə TSH-ı yoxlatdırmaq məsləhətdir. Xüsusilə təkrarlanan düşüklər olubsa, qalxanvari vəz hormonları mütləq yoxlanılmalıdır.

Hamiləlikdə qalxanvari vəzdə nə dəyişir?

Hamiləliyin ilk 12 həftəsində körpənin öz qalxanvari vəzi hələ tam formalaşmayıb və o, bütün ehtiyacını ananın hormonlarından qarşılayır. Bu səbəbdən ananın qalxanvari vəzi təxminən 50% daha çox işləməli olur. Tiroid hormonları dölün beyin və sinir sisteminin inkişafında əsas rol oynayır.

İlk trimestrdə artan hCG hormonu quruluşca TSH-a çox bənzəyir və vəzi əlavə hormon ifrazına stimullaşdırır. Nəticədə TSH səviyyəsi fizioloji olaraq azalır. Hamiləlikdə vəzin bir qədər böyüməsi də təbiidir, amma bu, müayinədən keçməyə və xəstəlik olmadığına əmin olmağa mane olmamalıdır.

Hamiləlikdə TSH üçün «norma» anlayışı da dəyişir. Nəticələr həmişə fərdi şəkildə, sərbəst T4 ilə birlikdə həkim tərəfindən qiymətləndirilir. Trimestrlərə görə istinad hədləri:

  • I trimestr: 0,1–2,5 mIU/L;
  • II trimestr: 0,2–3,0 mIU/L;
  • III trimestr: 0,3–3,0 mIU/L.

Hamiləlikdə hipotireoz niyə təhlükəlidir?

Hamilə qadınlarda tiroid hormon çatışmazlığı – hipotireoz ən əhəmiyyətli və ciddi qalxanvari vəz xəstəliyidir. Hamiləlikdə aşkar edilən bir çox tiroid xəstəliyi əslində əvvəldən mövcud olur: yüngül hipotireoz hamiləliyin təsiri ilə ağırlaşa, kiçik düyün isə böyüyə bilər.

Hamiləliyin ilk həftələrində, xüsusilə 5–14-cü həftələrdə anada hormon çatışmazlığı aşkarlanarsa, müalicəyə dərhal başlanılmalıdır – bu, körpənin beyin inkişafının ən sürətli olduğu dövrdür. Müalicə olunmayan hipotireoz bu fəsadların riskini artırır:

  • birinci trimestrdə düşük təhlükəsi;
  • preeklampsiya və arterial hipertoniya;
  • vaxtından əvvəl doğuş;
  • körpədə inkişaf ləngiməsi, beyin və sinir sisteminin inkişafının pozulması.

TSH aşağı çıxarsa nə etməli?

İlk trimestrdə TSH-ın normadan aşağı düşməsi çox vaxt hCG ilə bağlı müvəqqəti vəziyyət olur. Lakin bunun həqiqi hipertireoz olub-olmadığı mütləq araşdırılmalıdır, çünki hipertireoz düşüyə, erkən doğuşa və aşağı çəkili körpənin doğulmasına səbəb ola bilər.

Hamiləlikdə radioaktiv yod müalicəsi təhlükəlidir və aparılmır – müalicə yalnız dərmanlarla, həkim nəzarəti altında aparılır.

Yoda ehtiyac necə dəyişir?

Hamiləlikdə sidiklə yod itkisi artır və yoda ehtiyac yüksəlir: reproduktiv yaşda qadının gündəlik ehtiyacı təxminən 150 mkq, hamiləlikdə isə 250 mkq-dır. Yod çatışmazlığı anada zoba, körpədə isə ciddi inkişaf problemlərinə və neonatal hipotireoza yol aça bilər.

Bu səbəbdən gündəlik qidada yodlaşdırılmış duzdan istifadə etmək vacibdir. Yod preparatlarını isə özbaşına deyil, yalnız endokrinoloq müayinəsindən sonra, həkimin seçdiyi dozada qəbul edin.

Qalxanvari vəz xəstəlikləri hamiləlikdən əvvəl müalicə edilməli və nəzarət altına alınmalıdır.

Dr. Samir Şükürov

Hamiləlik boyunca nəzarət

Hər hansı tiroid xəstəliyiniz varsa, bütün hamiləlik boyu mütəmadi olaraq endokrinoloq nəzarətində olmalısınız – adətən hər 4–6 həftədən bir TSH və sərbəst T4 yoxlanılır. Tiroid dərmanının dozasını özbaşına dəyişməyin: lazım olan dəyişikliyi yalnız həkim edir.

Mövzu ilə bağlıQalxanvari vəz

Bu yazı ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.