Haşimoto qalxanabənzər vəzin ömür boyu davam edən autoimmun xəstəliyidir: immun sistem səhvən öz tiroid hüceyrələrinə hücum edir. Vaxtında diaqnoz və düzgün müalicə ilə xəstəlik tam nəzarət altına alınır.
Haşimoto nədir?
Haşimoto tiroiditində orqanizm qalxanabənzər vəzin toxumasını «yad» kimi qəbul edir və ona qarşı antitellər – anti-TPO və anti-tireoqlobulin (anti-TG) – yaradır. Bu antitellər vəzin hüceyrələrini zədələyir. Hormon ifraz edən hüceyrələrin sayı azaldıqca tiroid hormonlarının istehsalı tədricən düşür və hipotireoz yaranır.
Xəstəlik illər ərzində yavaş və çox vaxt gizli irəliləyir. Qadınlarda kişilərə nisbətən 5–10 dəfə çox, xüsusilə 30–50 yaş arasında rast gəlinir. Ailədə, xüsusən ana və qızda birlikdə müşahidə oluna bilər.
Haşimoto xroniki xəstəlikdir və ömür boyu nəzarət tələb edir. Diaqnoz, müalicə və həyat tərzi hər pasiyent üçün fərdi planlanmalıdır – Haşimoto diaqnozu qoyulubsa, TSH normal olsa belə endokrinoloq müayinəsindən keçin.
Hansı əlamətlər ola bilər?
Bir çox xəstədə heç bir şikayət olmur. Vəzin funksiyası azaldıqca isə bu əlamətlər özünü göstərə bilər:
- halsızlıq, davamlı yorğunluq və səhər çətin oyanmaq;
- səbəbsiz çəki artımı;
- dəri quruluğu və saç tökülməsi;
- qəbizlik, əzələ ağrıları;
- qəmginlik, yuxu pozğunluğu, yaddaşın zəifləməsi;
- menstruasiya pozğunluğu, nəbzin zəifləməsi.
Diaqnoz üçün TSH bəs edirmi?
Xeyr. TSH normal olsa belə, Haşimotonu təsdiqləmək üçün anti-TPO və anti-TG antitellərinə baxılmalıdır. Tam qiymətləndirmə üçün sərbəst T4, sərbəst T3, boyun müayinəsi və qalxanabənzər vəzin USM-i də lazımdır.
Analizdə anti-TPO çox yüksək çıxsa da, TSH normal və ya bir qədər yüksəkdirsə, müəyyən müddət izləmədən müalicəyə başlamaq düzgün deyil. Məsələn, infeksiya zamanı TSH müvəqqəti olaraq yüksələ bilər.
Müalicəyə baxmayaraq daim yorğunsunuzsa, dərman dozasının yetərli olub-olmaması, dəmir çatışmazlığı, B12 və D vitamini səviyyəsi, kortizol hormonu yoxlanılmalı, kifayət qədər su içdiyinizə əmin olmalısınız.
Hər Haşimoto xəstəsinə dərman lazımdırmı?
Xeyr. Qərar yalnız analizlərə deyil, USM nəticələrinə və şikayətlərinizə birlikdə əsasən verilir. TSH və T4 normaldırsa, vəzin funksiyası və quruluşu hələ pozulmayıbsa, müntəzəm nəzarət kifayət edə bilər.
TSH yüksəkdirsə, hipotireoz əlamətləri varsa və ya USM-də tiroid toxuması zədələnibsə, hormon müalicəsi (levotiroksin) tövsiyə olunur. Doza fərdi olaraq həkim tərəfindən təyin edilir: artıq doza hormon artıqlığına, əskik doza isə şikayətlərin davam etməsinə səbəb ola bilər. Yaşlılarda və ürək xəstələrində müalicəyə az dozadan başlanılır. Hamiləlikdə də müalicə mütləq davam etdirilməlidir.
Dərman qəbul edirsinizsə, bunlara diqqət edin:
- tiroid hormonunu səhər acqarına, yalnız su ilə için;
- dərmandan sonra ən azı 30–45 dəqiqə çay, qəhvə içməyin, yemək yeməyin;
- kalsium, dəmir və mədə qoruyucu dərmanları tiroid dərmanı ilə eyni vaxtda qəbul etməyin;
- nəzarət üçün təkcə TSH deyil, sərbəst T3, sərbəst T4, anti-TPO və anti-TG də müntəzəm yoxlanılmalıdır.
Yüksək anti-TPO təkcə bir rəqəm deyil – bu, bədənin verdiyi siqnaldır.
Dr. Samir Şükürov
Qidalanma: doğru və yanlış fikirlər
Balanslı qidalanma – zülal, lif, sağlam yağlar, vitamin və minerallarla zəngin rasion – iltihabın idarə olunmasına və ümumi sağlamlığa dəstək olur. Bağırsaq florası, stres və antibiotik istifadəsi də xəstəliyin gedişinə təsir edə bilər; buna görə stresi idarə etmək və bağırsaq sağlamlığını qorumaq vacibdir.
Paketli qidaların və şəkərin azaldılması bağırsaq sağlamlığı üçün faydalıdır; bəzi xəstələrdə qlütenin məhdudlaşdırılması da həkimlə birlikdə qiymətləndirilə bilər.
Bununla yanaşı, geniş yayılmış bəzi fikirlər yanlışdır:
- «Tiroid dərmanı kökəldir» – yanlışdır. Kökəlməyə hormon çatışmazlığının özü, çox vaxt isə yetərsiz doza səbəb olur;
- «Qurbağa ilə müalicə», otaqda açıq qoyulan yod qabı, kəhraba və ya spirtdə qarışdırılmış qoz Haşimotonu müalicə etmir;
- «Bir həb kifayətdir» – dərmanla yanaşı qidalanma və həyat tərzi də dəyişməlidir.
Bu yazı ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.