Piylənmə yalnız qidalanma ilə bağlı deyil. Bəzi hallarda çəki artımı endokrin sistemdəki pozuntuların ilkin göstəricisi ola bilər, ona görə endokrinoloq artıq çəkini metabolik və hormonal səbəblər baxımından araşdırır və müalicə edir.
Piylənmə nədir?
Piylənmə orqanizmdə piylərin normadan artıq yığılmasıdır və sağlamlıq üçün təhlükəlidir. Artıq piy əsasən qarın boşluğunda yığılmağa başlayır. Buna visseral piy, yaxud abdominal (qarın tipli) piylənmə deyilir.
Bəzən pasiyent bütün tövsiyələrə əməl etsə də, çəki sabit qalır və ya daha da artır. Belə hallarda səbəbi hormonal pozğunluqlarda axtarmaq lazımdır.
Səbəblər: həyat tərzi və hormonlar
Adi kökəlmənin əsas səbəbi kalori artıqlığı və fiziki aktivliyin azlığıdır. Bundan başqa, tiroid, böyrəküstü vəzi, yumurtalıq və hipofiz vəzinin pozğunluqları da piylənmə yarada bilər.
- Hipotireoz (tənbəl zob). Tiroid hormonları iştahanı və bədən çəkisini idarə edir, maddələr mübadiləsini tənzimləyir. Hormon çatışmazlığında mübadilə prosesləri ləngiyir, qida çox asta parçalanır və az yeyən insan da çəki yığa bilər. Orqanizmdə maye yığılması da çəkini artırır.
- İnsulin dirənci. Orqanizm insulin hormonuna əvvəlki qədər effektiv cavab vermir. Bu vəziyyət uzun müddət analizsiz gizli qala bilər; şirin istəyi, qarın piylənməsi və çəki artımı ilə əlaqəli ola bilər. Əsas səbəbləri arasında qidalanma pozğunluğu, həddindən artıq şəkər, oturaq həyat tərzi və yuxu çatışmazlığı var.
- Polikistik yumurtalıq sindromu (yeni adı ilə PMOS). İnsulin dirənci ilə əlaqəli olduğundan maddələr mübadiləsini pozur, piylənməyə və şəkərli diabet riskinin artmasına səbəb olur.
- Kortizol və prolaktin pozğunluqları. Hipofiz və böyrəküstü vəzi hormonlarının disbalansı da çəki dəyişikliyinə yol aça bilər.
Adi kökəlmə və hormonal piylənmə necə fərqlənir?
- Adi kökəlmə (qeyri-sağlam qidalanma və həyat tərzi ilə bağlı): kalori artıqlığı və az fiziki aktivlik fonunda yaranır, piy bədənin müxtəlif bölgələrində toplanır, pəhriz və idmanın nəticəsi tez görünür, hormon analizləri normal olur.
- Hormonal piylənmə (endokrin pozğunluqlar fonunda): piy daha çox qarın, bel və boyun nahiyəsində toplanır, pəhriz və idmana baxmayaraq çəki sabit qalır və ya artır, yuxusuzluq, depressiya, saç tökülməsi, menstruasiya pozğunluğu kimi əlavə əlamətlər olur, qanda insulin, kortizol, TSH, prolaktin kimi hormonlarda pozulmalar aşkarlanır.
Bel çevrəsi və əlaqəli xəstəliklər
Abdominal piylənmənin obyektiv və ən həssas göstəricisi bel çevrəsidir. Bel çevrəsinin kişilərdə 94 sm-dən, qadınlarda 80 sm-dən çox olması ürək-damar xəstəlikləri və şəkərli diabet üçün ən vacib risk faktorlarındandır. Bel çevrəsinin artması aşağıdakı xəstəliklərin riskini yüksəldir:
- metabolik sindrom və insulin dirənci;
- şəkərli diabet;
- ürək-damar xəstəlikləri və hipertenziya (yüksək arterial təzyiq);
- onkoloji xəstəliklər;
- Alzheimer xəstəliyi.
Hansı əlamətlər müayinə tələb edir?
Çox yemədən kökəlirsinizsə və ya arıqlamaqda çətinlik çəkirsinizsə, endokrinoloqa müraciət etmək lazımdır. Müayinədə klinik vəziyyət, risk faktorları və laborator göstəricilər birlikdə qiymətləndirilir: tiroid hormonları (TSH, T3, T4), aclıq və toxluq qan şəkəri, HbA1c, insulin və insulin dirəncini göstərən HOMA-IR, lazım olduqda kortizol və prolaktin.
- pəhriz və idmana baxmayaraq çəkinin sabit qalması və ya artması;
- yuxusuzluq, depressiya, saç tökülməsi, menstruasiya pozğunluğu;
- boyun, qoltuqaltı və ya qasıq nahiyəsində dərinin tünd, qalın, məxməri görünüşü (akantozis nigrikans);
- həmin nahiyələrdə çoxsaylı kiçik, yumşaq ət xalları;
- ailədə tip 2 diabet, hamiləlik diabeti keçmişi, polikistik yumurtalıq sindromu.
Müalicə yanaşması
Dəqiq analiz, düzgün diaqnoz və fərdi müalicə ilə həm çəkini, həm də sağlamlığı nəzarətə almaq mümkündür. Hormonal səbəb aşkarlanarsa, ilk növbədə həmin pozğunluq müalicə olunur. Əsas yanaşma:
- çəki nəzarəti;
- aşağı qlisemik indeksli qidalanma, şəkərin rasiondan çıxarılması;
- müntəzəm fiziki aktivlik;
- yuxu və stresin tənzimlənməsi;
- lazım olduqda dərman müalicəsi. Semaqlutid (GLP-1 hormonunu təqlid edən, məsələn Ozempic) kosmetik arıqlama vasitəsi deyil, reseptli dərmandır: ilk növbədə tip 2 diabet üçün hazırlanıb və hər pasiyentə uyğun deyil. Belə iynələr yalnız bədən kütlə indeksi 30-dan yuxarı olan və ya insulin dirənci, prediabet, tip 2 diabet kimi metabolik xəstəliyi olan pasiyentlərə, endokrinoloq müayinəsi və laborator analizlərdən sonra təyin edilə bilər.
Profilaktika
Şəkərdən imtina sadəcə arıqlamaq üçün deyil, gələcəkdə şəkərli diabet, piylənmə və ürək-damar xəstəliklərinin qarşısını almaq üçün vacibdir. Qidalanma, fiziki aktivlik və çəki idarəetməsi ilə tip 2 diabetin inkişafını gecikdirmək və ya qarşısını almaq mümkündür.
Risk faktorları varsa, şikayət yaranmasını gözləməyin: analizləri vaxtında yoxlatdırın və həkimlə məsləhətləşin. Profilaktik analizlər olmadan heç bir hormonal iynədən istifadə etməyin.
Bu səhifədəki məlumat ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.