Saç tökülməsinin səbəbləri çoxdur və onların bir qismi endokrin sistemlə bağlıdır. Belə hallarda problemi şampun və maskalarla deyil, səbəbi tapıb müalicə etməklə həll etmək olar.
Hansı endokrin xəstəliklərdə saç tökülür?
- hipotiroidizm – qalxanvari vəzin funksiyasının azalması;
- hipertiroidizm (tirotoksikoz), o cümlədən Bazedov xəstəliyi – qalxanvari vəzin funksiyasının artması;
- şəkərli diabet;
- qadınlarda testosteron hormonunun artıqlığı;
- kişilərdə DHT hormonunun aktivliyi;
- polikistoz yumurtalıq sindromu (PKOS);
- autoimmun proseslər (məsələn, lupus).
Qalxanvari vəz saçlara necə təsir edir?
Saç tellərinin və hətta qaşların möhkəmliyi üçün qalxanvari vəz hormonlarının qanda kifayət qədər olması vacibdir. Tiroid hormonu çatışmadıqda orqanizmin bütün metabolizmi yavaşlayır, bağırsaqlardan vitamin və mineralların sorulması zəifləyir – bu da saç tökülməsində böyük rol oynayır. Qalxanvari vəz artıq işlədikdə də saçlarda incəlmə və tökülmə müşahidə olunur.
Tiroid hormonlarının balanssızlığında ilk növbədə saçlar incəlir, böyüməsi ləngiyir və saçlar normaldan çox tökülməyə başlayır.
Bəzən tiroid dərmanı qəbul edən pasiyentlər saç tökülməsindən şikayət edirlər. Bu dərmanlar özləri saç tökülməsini artırmır, lakin doza artıq və ya az olarsa, saç tökülə bilər. Belə halda hormonlar təkrar ölçülməli, yanaşı olaraq dəmir və sink çatışmazlığı, qanazlığı araşdırılmalıdır. Hormonlar normala düşdükdən sonra saç tökülməsi davam edirsə, digər hormonların müayinəsi aparılmalıdır.
Dəmir, ferritin və vitaminlər niyə vacibdir?
Dəmir saç follikullarına da oksigen daşıyan hemoqlobinin yaranması üçün lazımdır. Follikullar kifayət qədər oksigen və qida almadıqda zəifləyir, saçlar nazik, kövrək olur və daha çox tökülür. Xüsusilə qadınlarda dəmir çatışmazlığına bağlı qanazlığı və saç tökülməsi çox rast gəlindiyindən ilk öncə dəmir defisitinin olub-olmaması araşdırılmalıdır.
Ferritin orqanizmdə dəmir ehtiyatını göstərən ən həssas göstəricidir. Qadınlarda o, aylıq qan itkisi, hamiləlik və doğuşdan sonra tükənən ehtiyatlar, uzun və ağır menstruasiyalar, az ət və zülal olan pəhrizlər səbəbindən tez aşağı düşür. Aşağı ferritin saç tökülməsi ilə yanaşı daimi yorğunluq, nəfəs darlığı, dırnaq kövrəkliyi və soyuğa həssaslıqla özünü göstərə bilər.
Yalnız kifayət qədər dəmir qəbul etmək deyil, onun yaxşı mənimsənilməsi də vacibdir. Çölyak xəstəliyi, dəmirlə zəngin qidaları kalsiumlu qidalar, çay və ya qəhvə ilə birlikdə qəbul etmək dəmirin sorulmasına mane ola bilər.
B12 vitamini çatışmazlığının əlamətlərindən biri də saç tökülməsidir. Yetkin yaşda yaranan qanazlığının əsas səbəbləri arasında dəmir çatışmazlığı ilə yanaşı B12 və fol turşusu çatışmazlığı da var. Sink isə saç və dəri sağlamlığı üçün vacib mineraldır.
D vitamini çatışmazlığı geniş yayılıb və saç tökülməsi ilə müraciət edən pasiyentlərdə çox vaxt onun səviyyəsi də yoxlanılır. Lakin vitaminləri analiz olmadan, özbaşına qəbul etmək düzgün deyil.
Endokrin səbəbli saç tökülməsinin qarşısını şampun və maskalarla ala bilməzsiniz – mütləq müayinə aparılmalı və uyğun müalicəyə başlanmalıdır.
Dr. Samir Şükürov
PKOS və kişi hormonları
Qadınlarda kişilərə xas saç tökülməsi qanda testosteronun – kişi hormonunun – artması nəticəsində yaranır. Bu zaman saçlar başın təpə nahiyəsində və ya alın bölgəsində incəlir. Tüklənmənin artması, aybaşı düzənsizliyi və sızanaqlarla birlikdə bu, androgen yüksəkliyinin vacib əlamətlərindəndir.
Androgenlərin yüksəlməsi adətən yumurtalıqlardan və böyrəküstü vəzilərdən qaynaqlanır; ən əsas səbəblərdən biri polikistoz yumurtalıq sindromudur. Belə hallarda yumurtalıq və böyrəküstü vəzi hormonlarının müayinəsi lazımdır.
Hansı analizlər lazım ola bilər?
Hansı analizlərin lazım olduğunu həkim şikayətlərinizə görə müəyyən edir. Ən çox aşağıdakılar yoxlanılır:
- qalxanvari vəz hormonları (TSH, sərbəst T4);
- ferritin və qanazlığı üçün ümumi qan analizi;
- sink;
- B12 və D vitamini;
- qadınlarda kişi tipli saç tökülməsi, tüklənmə və aybaşı pozulmaları varsa – testosteron və digər hormonlar, menstrual tsiklin 2–5-ci günlərində hormon analizi və yumurtalıqların ultrasəs müayinəsi.
Bu yazı ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.