Bloq

Prolaktin yüksəkliyi və prolaktinoma

Müəllif: Dr. Samir Şükürov, həkim-endokrinoloq Tibbi yoxlama: Yenilənib:

Prolaktin yüksəkliyi həm qadınlarda, həm də kişilərdə sonsuzluğun və cinsi problemlərin səbəbi ola bilər. Lakin hər yüksək nəticə xəstəlik demək deyil – analizin düzgün verilməsi burada çox önəmlidir.

Prolaktin nədir?

Prolaktin hipofiz vəzinin ön hissəsindən ifraz olunan hormondur. Hamiləlik dövründə süd vəzilərinin inkişafını, doğuşdan sonra isə süd əmələ gəlməsini təmin etdiyi üçün xalq arasında «süd hormonu» kimi tanınır. Qadınlarda təbii olaraq kişilərdən bir qədər yüksək olur, hər iki cinsdə isə əsas funksiyası reproduktiv sistemin tənzimlənməsidir.

Hamilə olmayan və uşaq əmizdirməyən qadında prolaktin normadan yüksək olduqda follikul yetişmir və ovulyasiya baş vermir. Qanda prolaktinin yüksək olması hiperprolaktinemiya adlanır.

Prolaktin niyə yüksəlir?

Prolaktin çox həssas hormondur və bəzən xəstəlik olmadan da yüksələ bilər. Yuxu, stress, fiziki gərginlik və idman məşqləri, zülallı qida qəbulu, süd vəzilərinə toxunma, hamiləlik və əmizdirmə dövrü – bunlar sağlam orqanizmin normal vəziyyətləridir. Əmizdirmə bitdikdən sonra prolaktin normaya qayıdır.

Patoloji yüksəlmənin əsas səbəbləri isə bunlardır:

  • hipofiz vəzinin adenoması – prolaktinoma;
  • bəzi dərmanlar: antidepressantlar və digər psixiatrik dərmanlar, bəzi mədə və təzyiq dərmanları, bitki tərkibli preparatlar;
  • qalxanvari vəzin funksiyasının azalması (hipotireoz);
  • polikistoz yumurtalıq sindromu;
  • xroniki böyrək çatışmazlığı və qaraciyər sirrozu;
  • hipofizin travması, şüalanması və ya ona təsir edən digər xəstəliklər.

Prolaktinoma nədir?

Prolaktinoma prolaktin ifraz edən hüceyrələrdən yaranan xoşxassəli törəmədir və hipofiz adenomaları arasında ən çox rast gəlinənidir. Qadınlarda daha tez-tez müşahidə olunur və bu gün daha çox sonsuzluq problemi kimi tanınır.

Hansı əlamətlərə diqqət etməli?

Qadınlarda:

  • aybaşı tsiklinin pozulması və ya aybaşının kəsilməsi;
  • əmizdirmə olmadan süd vəzisindən süd və ya ağımtıl axıntı (qalaktoreya);
  • süd vəzilərində ağrı, gərginlik, həssaslıq;
  • cinsi istəyin azalması, vaginal quruluq;
  • hamilə qalmaqda çətinlik;
  • tüklənmə, çəki artımı, emosional gərginlik.

Kişilərdə prolaktin yüksəkliyi cinsi istəyin azalması, ereksiya problemi, sonsuzluq, süd vəzilərinin böyüməsi (ginekomastiya) və sümük əriməsi ilə özünü göstərə bilər. Adenoma böyük olduqda hər iki cinsdə baş ağrısı və görmə problemləri yarana bilər.

Analizi necə düzgün verməli?

Prolaktin stress, həyəcan, fiziki gərginlik və yeməkdən sonra yüksələ bildiyi üçün analiz qaydalara uyğun verilməlidir:

  • 8–14 saatlıq aclıqdan sonra və sakit vəziyyətdə;
  • qanı səhər saat 9:00–11:00 arasında vermək uyğundur – çox erkən saatlarda yuxu ilə bağlı nəticə yüksək çıxa bilər;
  • müayinədən əvvəl 20–30 dəqiqə sakit oturun;
  • siqaret və spirtli içki nəticəyə təsir edir.

Prolaktin yüksək çıxarsa, makroprolaktin də yoxlanılmalıdır. Makroprolaktin prolaktinin immunoqlobulinlərlə birləşməsidir və həqiqi yüksəklik olmadan analizdə yalançı yüksək nəticə göstərə bilər. Təsadüfən aşkar olunan, heç bir şikayət verməyən yüngül yüksəklik adətən müalicə tələb etmir – müəyyən aralıqlarla təkrar analizlə nəzarətdə saxlanılır.

Prolaktinoma necə müalicə olunur?

Yüksəkliyin hipofiz adenoması ilə bağlı olduğu düşünülərsə, kontrastlı hipofiz MRT-si aparılır. Adenoma təsdiqlənərsə, diaqnoz dəqiqləşir və müalicəyə başlanılır. Prolaktinoma əksər hallarda əməliyyatsız, dərmanla müalicə oluna bilən xəstəlikdir.

Müalicədə prolaktinin ifrazını azaldan dopamin aqonistləri, məsələn, kaberqolin istifadə olunur. Bu dərmanlar həm hormonun səviyyəsini aşağı salır, həm də adenomanın kiçilməsinə kömək edir.

Preparatın seçimi və dozası mütləq həkim tərəfindən təyin olunmalıdır – özbaşına qəbul ciddi fəsadlara səbəb ola bilər. Müalicə olunmayan prolaktinoma böyüyərək görmə sinirini sıxa, görmə itkisinə, digər hipofiz hormonlarının çatışmazlığına və sümük əriməsinə gətirib çıxara bilər. Prolaktinoması olan qadın hamilə qalarsa, bu dövrdə həkim nəzarəti xüsusilə vacibdir.

Düzgün diaqnostika və müalicədən sonra hər iki cinsdə övlad sahibi olma funksiyasını bərpa etmək mümkündür.

Dr. Samir Şükürov
Mövzu ilə bağlıHipofiz xəstəlikləri

Bu yazı ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.