Kişi hipogonadizmi orqanizmdə testosteron hormonunun çatışmazlığıdır. Testosteron sümük və əzələlərin inkişafı, cinsi istək və digər kişi xüsusiyyətləri üçün vacibdir, onun azalması isə sağlamlığa ciddi təsir göstərə bilər.
Testosteron nə üçün vacibdir?
Testosteron «kişilik hormonu» adlanır. O, sümük və əzələlərin inkişafını və güclənməsini, cinsi istəyi və digər kişi xüsusiyyətlərinin formalaşmasını təmin edir.
Testosteron təkcə cinsi sağlamlıq hormonu deyil: o, ürək-damar sistemini qoruyur, sümükləri gücləndirir və maddələr mübadiləsinin tənzimlənməsində iştirak edir.
Yaşla bağlı azalma və gec başlayan hipogonadizm
40 yaşdan sonra testosteron səviyyəsi fizioloji olaraq azalmağa başlayır. Buna andropauza da deyilir. Azalma çox ləng gedir – ildə təxminən 1–2%. Lakin bu hormonun kəskin azalması kişi sağlamlığına ciddi ziyan vura bilər.
Gec başlayan kişi hipogonadizmi normal inkişaf etmiş və ikincili cinsi əlamətləri normal olan kişilərdə yaşla birlikdə testosteronun azalması, yaşla əlaqəli xəstəliklər və ümumi sağlamlıq pozğunluqları ilə müşayiət olunan klinik və biokimyəvi əlamətlər toplusudur.
Aşağıdakı şikayətləri sadəcə «normal yaşlanma» kimi qəbul etməyin:
- davamlı halsızlıq
- cinsi istəyin azalması
- əzələ kütləsinin itirilməsi
- motivasiya çatışmazlığı
Nə vaxt endokrinoloqa müraciət etməli?
Özünüzdə və ya yaxınlarınızda aşağıdakı hallarda xaya çatışmazlığı əlamətləri ola bilər – belə vəziyyətdə mütləq endokrinoloqa müraciət edin:
- xayanın xayalığa enməsinin gecikməsi və ya tam enməməsi
- anadangəlmə sidik sistemi anomaliyaları
- gecikmiş və ya tamamlanmamış cinsi yetkinlik
- yetkinlik dövründə və ya daha gec başlayan süd vəzilərinin böyüməsi
- ereksiya problemləri, libidonun azalması
- cinsiyyət orqanlarının infeksiyaları, orxit
- dərmanlar, alkoqol istifadəsi, pestisidlər, kimyəvi maddələr və radiasiyaya məruz qalma
- xərçəngə görə kimyaterapiya
- uzun sürən və bir neçə orqanın funksiyasına təsir edən xəstəliklər
Testosteron çatışmazlığı nəyə təsir edir?
- Nəsil artırma: hipogonadizm spermatozoidlərin sayını və hərəkət qabiliyyətini azaldır. Uzun müddət hamiləlik baş vermirsə, səbəbi endokrinoloji səviyyədə də araşdırmaq vacibdir.
- Maddələr mübadiləsi: kişilərdə testosteron azlığı insulin rezistentliyini artıraraq şəkərli diabet riskini yüksəldir.
- Ginekomastiya: kişilərdə döş vəzi toxumasının böyüməsində testosteron və estrogen təsirləri arasındakı tarazlığın dəyişməsi rol oynaya bilər; testosteron çatışmazlığı onun səbəblərindən biridir.
Diaqnostika
Hipogonadizmdən şübhələnilən hər bir kişi müayinə olunmalıdır. Ümumi testosteron səviyyəsi mütləq səhər saat 07:00–10:00 arasında yoxlanılır.
Nəsil artırma problemləri zamanı testosteronla yanaşı LH, FSH, prolaktin, TSH, FT3, FT4, insulin və HOMA-IR kimi analizlər də aparılır.
Müalicə və həyat tərzi
Uyğun müalicə ilə testosteron çatışmazlığının qarşısını almaq və yaşla bağlı azalmanı ləngitmək mümkündür. Bunun üçün həkim testosteron preparatları ilə əvəzedici hormon müalicəsi təyin edir. Müalicəyə başlanan pasiyentə mümkün yan təsirlər izah edilir və o, müntəzəm olaraq nəzarət müayinəsinə çağırılır.
Dərman müalicəsindən əlavə testosteron səviyyəsinə müsbət təsir edən həyat tərzi dəyişiklikləri:
- müntəzəm idman, o cümlədən ağırlıq məşqləri
- balanslı qidalanma
- ideal bədən çəkisini saxlamaq
- nizamlı yuxu
- siqaret və alkoqoldan imtina
- stresi nəzarət altında saxlamaq
Bu səhifədəki məlumat ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.