Xəstəliklər

Vitamin D çatışmazlığı

Müəllif: Dr. Samir Şükürov, həkim-endokrinoloq Tibbi yoxlama: Yenilənib:

Vitamin D başda sümüklər olmaqla orqanizmin bir çox sistemi üçün vacibdir. Onun çatışmazlığı böyüklərdə osteomalasiyaya, uşaqlarda isə raxitə səbəb olur.

Vitamin D nədir və nə üçün vacibdir?

Vitamin D yağda həll olan vitamindir. Orqanizmdə aşağıdakı funksiyaları yerinə yetirir:

  • qida ilə qəbul edilən kalsium və fosforun bağırsaqdan sorulmasını təmin edir;
  • sümük itkisinə yol açan parathormonun artıq ifrazının qarşısını alır;
  • orqanizmdə kalsium və fosfor balansını qoruyur;
  • immun sistemə müsbət təsir göstərir;
  • hipertenziya, ürək xəstəlikləri, bəzi onkoloji və autoimmun xəstəliklərə qarşı qoruyucu təsiri var.

Vitamin D haradan alınır?

Vitamin D əsasən günəş şüalarının təsiri ilə dəridə əmələ gəlir. Hər gün üz, qollar və ayaqlar açıq halda təxminən 20 dəqiqə günəş altında olmaq günlük ehtiyacı ödəyə bilər. Lazım olan günəş miqdarı dəri rəngindən, yaşdan və digər tibbi problemlərdən asılıdır. Yaş artdıqca dəridə vitamin D sintezi azalır, tünd dərili insanlar isə, xüsusilə qışda, günəş altında daha çox qalmalıdır. SPF 20 və daha yüksək günəşdən qoruyucu krem dəridə vitamin D əmələ gəlməsinin qarşısını alır.

Bəzi ölkələrdə süd və süd məhsulları, çörək və taxıllar vitamin D ilə zənginləşdirilir, ölkəmizdə isə bu üsul hələ tətbiq olunmur. Vitamin D təbii olaraq aşağıdakı qidalarda var:

  • yağlı dəniz balıqları (qızılbalıq, tunes) və balıq yağı;
  • yumurta (xüsusilə sarısı) və kürü;
  • kərə yağı, süd, yulaf, qaraciyər;
  • bəzi göbələk növləri, cəfəri və yonca.

Çatışmazlığın səbəbləri

  • Günəşdən və qidadan kifayət qədər vitamin D alınmaması. Körpələrdə, uşaqlarda və yaşlılarda daha çox rast gəlinir: ana südündə vitamin D çox azdır, yaşlılar isə qida məhdudiyyətinə görə süd məhsulları və yağlı balıqdan çəkinir, bağırsaqdan sorulma da zəifləyir. Kilolu, tünd dərili insanlar, qışda və şimal bölgələrində yaşayanlar da risk qrupundadır.
  • Bağırsaqdan sorulmanın pozulması: seliakiya, Kron xəstəliyi, kistik fibroz, mədə və ya bağırsağın bir hissəsinin çıxarılması, artıq çəki müalicəsində aparılan qastrik bypass əməliyyatı.
  • Qaraciyər və böyrək xəstəlikləri: xroniki qaraciyər və ya böyrək çatışmazlığında vitamin D-ni aktiv formaya çevirən fermentlər yetərli olmur.
  • Bəzi dərmanlar: kortikosteroidlər kalsiumun sorulmasını və vitamin D mübadiləsini pozur; orlistat və xolestiramin vitamin D-nin bağırsaqdan sorulmasına mane olur; epilepsiya müalicəsində işlədilən fenobarbital və fenitoin onun qaraciyərdə aktiv formaya çevrilməsini azaldır.
  • Bəzi irsi (ailəvi) xəstəliklər.

Çatışmazlığın nəticələri

Vitamin D yetərsizliyi (səviyyənin orta dərəcədə aşağı olması) adətən heç bir nəzərə çarpan əlamət vermir. Buna baxmayaraq, onun vaxtında aşkarlanıb müalicə edilməsi sümük və əzələ sağlamlığı üçün çox vacibdir. Çatışmazlıq aşağıdakılara səbəb ola bilər:

  • qanda kalsiumun azalması (hipokalsemiya);
  • qanda fosforun azalması (hipofosfatemiya);
  • uşaqlarda sümüklərin yumşalması və əyilməsi (raxit);
  • böyüklərdə sümüklərin yumşalması və əzələ zəifliyi (osteomalasiya);
  • sümük kütləsinin azalması və sınıqların artması (osteoporoz).

Diaqnoz: kimlərə analiz lazımdır?

Diaqnoz qanda vitamin D (25(OH)D) səviyyəsinə görə qoyulur: 30 ng/ml-dən yuxarı — norma, 20–30 ng/ml — vitamin D yetərsizliyi, 20 ng/ml-dən aşağı — vitamin D çatışmazlığı.

Bu analiz bahalıdır və hamıya müntəzəm aparılmamalıdır. Səviyyəni yoxlamaq aşağıdakı hallarda məsləhətdir:

  • yatağa və ya evə bağlı insanlar;
  • vitamin D çatışmazlığına səbəb ola bilən xəstəliyi olanlar;
  • osteoporozu olanlar;
  • kiçik zədədən (məsələn, ayaq üstə yıxılmadan) sınıq keçirmiş şəxslər;
  • qanda kalsiumu (hipokalsemiya) və ya fosforu (hipofosfatemiya) aşağı olanlar;
  • vitamin D mübadiləsinə təsir edən dərmanlar qəbul edənlər.

Müalicə

Çatışmazlıq vitamin D preparatları ilə müalicə olunur. Apteklərdə həm yalnız vitamin D, həm kalsiumla birgə, həm də multivitamin tərkibində olan preparatlar damcı, sirop, draje, kapsul, çeynəmə və suda həll olan tablet, ampul formasında satılır. Bağırsaqdan sorulma pozulubsa, vitamin D inyeksiya ilə verilir.

Doza vitamin D-nin nə qədər aşağı olmasından və səbəbindən asılı olaraq fərdi seçilir, ona görə də həkiminizlə birlikdə müəyyən edilməlidir.

Vitamin D müalicəsi ilə yanaşı kalsium da qəbul edilməlidir: 31–50 yaşda gündə 1000 mg, 51 yaşdan yuxarı 1200 mg. Kalsium həm qida ilə, həm də vitamin D ilə birgə preparatlardan alına bilər.

Vitamin D-nin həddindən artıq qəbulu zəhərlənməyə səbəb ola bilər: qanda kalsium yüksəlir (hiperkalsemiya) və bununla bağlı sağlamlıq problemləri yaranır. Bunun qarşısını almaq üçün dərman təlimatını diqqətlə oxuyun və tərkibində vitamin D olan bir neçə preparatı (məsələn, multivitamin və vitamin D preparatını) eyni vaxtda qəbul etməyin.

Profilaktika

Gündəlik vitamin D ehtiyacı dəri rəngindən, günəşdə olma müddətindən, qidalanmadan və digər xəstəliklərin olub-olmamasından asılıdır.

Dəridə kifayət qədər vitamin D əmələ gəlməsi üçün həftədə ən azı 2 dəfə, saat 10:00–15:00 arasından kənar vaxtda, üz, boyun, qollar və ayaqlar qoruyucu krem olmadan 2–30 dəqiqə günəş altında olmalıdır. Dumanlı hava, sənaye tüstüsü və avtomobil qazları ilə çirklənmiş hava, həmçinin örtülü geyim vitamin D sintezini azaldır.

Böyüklərdə normal vitamin D səviyyəsini saxlamaq üçün adətən 400–800 IU kifayət edir. Körpələr və uşaqlar üçün multivitaminlərin çoxuna vitamin D əlavə olunur; ölkəmizdə körpələr üçün vitamin D damcı şəklində buraxılır və bu, uşaqlar üçün ən uyğun formadır.

Bu səhifədəki məlumat ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.