Tüklənmənin artması, adət pozğunluqları, kişi tipli saç tökülməsi və akne qadınlarda kişi hormonlarının (androgenlərin) yüksəkliyinin ən vacib əlamətlərindəndir.
Hirsutizm nədir?
Hirsutizm qadınlarda normalda tük olmayan nahiyələrdə sərt, tünd və qalın tüklərin çıxmasıdır. Bu nahiyələrə aiddir:
- üst dodaq və alt çənə
- sinə və göbək ətrafı
- bel
- qolların yuxarı hissəsi
- budlar
Kişi tipli saç tökülməsi və virilizm
Qadınlarda kişilərdə olduğu kimi alın nahiyəsində saçın tökülməsi kişi tipli saç tökülməsi adlanır.
Androgen yüksəkliyinin daha ağır, lakin nadir rast gəlinən forması virilizmdir. Onun əlamətləri bunlardır:
- səsin qalınlaşması
- adətin olmaması
- süd vəzilərinin kiçilməsi
- kişi tipli saç tökülməsi
- kişi tipli əzələ inkişafı
- klitoromeqaliya (klitorun böyüməsi)
Səbəbləri
Hirsutizmin yaranmasında androgenlərin və dəridəki tük follikullarının qarşılıqlı təsiri böyük rol oynayır. Androgenlərin yüksəlməsi adətən böyrəküstü vəzlərdən və yumurtalıqlardan qaynaqlanır.
Hirsutizmin ən əsas səbəblərindən biri polikistoz yumurtalıq sindromudur (PKYS). Xüsusilə doğuşdan sonra və qısa müddətdə çəki artımı olan qadınlarda da hirsutizm və androgen yüksəkliyi əlamətləri müşahidə olunur.
Virilizm isə adətən menopauzadan sonra yaranır və androgen sintez edən böyrəküstü vəz və ya yumurtalıq şişlərindən qaynaqlanır. Bəzi dərmanlar da kişi hormonlarının səviyyəsini artıra bilər.
Diaqnostika və müalicə
Diaqnoz üçün menstrual siklin 2–5-ci günlərində hormon analizləri və yumurtalıqların ultrasəs müayinəsi aparılır. Nəzərə almaq lazımdır ki, fərqli pasientlərdə fərqli analizlər tələb oluna bilər və müalicə yanaşması da fərqli ola bilər.
Artıq çəkili qadınlarda arıqlama nəticəsində adət pozğunluqlarında və tüklənmədə yaxşılaşma qeyd olunur. Müalicənin əsasını hormonal preparatlar təşkil edir; onlarla yanaşı ülgücdən və lazer epilyasiyasından istifadə oluna bilər.
Hormonal müalicənin effekti ən tez 6 aydan sonra görünür, müalicə 2–3 il davam edə bilər. Əgər əsas səbəb müalicə olunmazsa, hirsutizm yenidən yarana bilər.
Bu səhifədəki məlumat ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.